Cəmiyyətdə kriminal avtoritet kimi tanınan, "oğru dünyası”nın məşhur
simalarından olan Rövşən Caniyevin (Lənkəranski) güllələnməsi xəbəri
yayılıb. www.vorlar.clan.su-ya daxil olan və hələlik dəqiqləşdirilməmiş məlumata
görə, Rövşən Canıyevə sui-qəsd Qərbi Avropa ölkələrindən birində
törədilib. 4 güllə yarası alan Caniyev hazırda koma vəziyyətindədir.
Məlumatlara görə, hadisənin törədilməsində gürcülərin adı hallandırılır.
Xatırladaq ki, bir neçə ay öncə Caniyevə Dubayda sui-qəsd olmuşdu və bu
zaman də məhz gürcü millətindən olan şəxslərin adı hallanırdı.
Qeyd edək ki, R.Caniyevin bu yaxınlarda Azərbaycanda baş tutan toy
mərasimində iştirakı planlaşdırılsa da, kriminal avtoritet bu mərasimdə
iştirak etməyib.
Rövşən Lənkəranski 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub.
1996-cı ildə Astara rayon xalq məhkəməsinin hökmü ilə 2 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Səbail rayon məhkəməsinin
1997-ci il martın 7-də verdiyi qərarı ilə cəzadan şərti azad olunub.
2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Bu dəfə 2000-ci
ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 15, 94-cü maddəsi (qəsdən adam
öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün
döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi
ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə
göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon
məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.
2002-ci ildə isə R.Caniyev barəsində olan cinayət işi təzələnib. Lakin
R.Caniyev istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində
01.07.2002-ci ildə axtarış elan olunub.
2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının
keçirdiyi xüsusi əməliyyat zamanı o, həbs olunub. Şevçenko Rayon
Məhkəməsi R. Caniyev haqqında 40 günlük həbs qərarı çıxarsa da,
Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra
məhkəmə R. Caniyevin qaçqın statusunu da ləğv edib. 2009-cu ilin
dekabrın 3-də həbs olunan R. Caniyev dekabrın 13-də Azərbaycana
ekstradisiya olunub.
2010-cu il martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə
qəsdən adam öldürməyə cəhddə və qanunsuz olaraq odlu silah gəzdirməkdə
ittiham olunan R. Caniyev 2 il 10 ay 19 gün həbs cəzası alıb. İstintaq
müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə
alınaraq, R. Caniyev məhkəmə zalından azadlığa buraxılıb.